Xəbərlər
2019-04-06
FIDE rəhbəri Şəmkirdə ulduz şahmatçılarla futbol oynadı 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin istirahət günü ənənəvi futbol yarışı keçirilib. Bu dəfə turnirdə 4 komanda mübarizə aparıb. Qalib adı uğrunda Arkadiy Dvorkoviçin kapitanı olduğu FIDE, Faiq Həsənovun rəhbərlik etdiyi Azərbaycan Şahmat Federasiyası, eyni zamanda "Şahmatçılar" və "Təşkilatçılar" komandaları çıxış edib.

Reqlamentə uyğun olaraq komandalar dairəvi sistemlə bir-biriylə qarşılaşıb. Sonda daha çox qələbə qazanan "Təşkilatçılar"  futbol yarışının qalibi adını qazanıb. İkinci yeri iki qələbə qazanan Maqnus Karlsenin oynadığı "Şahmatçılar" komandası tutdu. 

Qeyd edək ki, hər il ənənəvi olaraq istirahət günündə şahmatçılar futbol yarışında iştirak edir.

"ShamkirChess2019" turnirinin mətbuat xidməti